2024-cü il martın 29-da Mingəçevir Dövlət Universiteti (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin (DİRİTİM) və Mingəçevir şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə MDU-nun Mingəçevir şəhər İ.Zeynalov adına 2 saylı məktəbin şagirdləri üçün “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində növbəti maarifləndirici görüşü keçirilib. Görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, məktəbin müəllim və şagirdləri iştirak edib.
Giriş sözü ilə çıxış edən MDU-nun DİRİTİM-in mütəxəssisi Aytən Musayeva 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edilməsinin əhəmiyyətindən söhbət açıb. Bu mötəbər addımın təbiətin qorunması, ekoloji tarazlığın saxlanılması kimi məsələlərdə ölkəmizin dünyaya çağırış etməsi, Mingəçevir şəhərində və MDU-da bu il çərçivəsində görülən işlər barədə məlumat veriblər.
Açılış nitqlərindən sonra MDU-nun əməkdaşlarının məruzələri dinlənilib.
MDU-nun əməkdaşlarından Aytac Cavadova “İqlim dəyişmələri ilə mübarizə üsulları” və Natəvan Vəliyeva “Hidrosfer və litosferin əsas ekoloji problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir şəhərində müxtəlif tədbirlər keçirilir.