Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi və Elm və İnnovasiyalar şöbəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Ekoloji davranış” mövzusunda seminar keçirilib.
Seminar “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimləri Günel Kərimli, Aynur Namazova və “İqtisadiyyat və idarəetmə” fakültəsinin tələbəsi Arif Həsənov tərəfindən aparılıb. Təqdimatla çıxış edən məruzəçilər Azərbaycan torpaqlarının mənfur düşmən tərəfindən 30 ilə yaxın işğalı dövründə vurulan ekoloji zərər, yaşıllıqların vəhşicəsinə məhv edilməsi, çayların qarşısının kəsilməsi və ya kirlədilməsi, əkinə yararlı torpaqların qurudulması haqqında məlumat verib və bu problemlərin həlli ilə bağlı görülən işlərdən söhbət açıblar.
Sonra Azərbaycanda COP29-a ev sahibliyinin əhəmiyyəti, təmiz ekoloji mühitin formalaşmasında cəmiyyətin inkişafının önəmi, ətraf mühit problemlərinə qarşı göstərilən həssaslığın artırılması, təkrar emal və tullantıların azaldılması istiqamətində tədbirlər barədə müzakirələr aparılıb.
Seminar tələbələr tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.