MDU tələbəsi “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində təltif olunub

  • Post category:Xəbərlər

Mingəçevir Dövlət Universitetinin (MDU) “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Emil Şükürov Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirdiyi “Qarabağın dirçəlişi – eko-layihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində iştirak edib.

Əsas məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsi olan müsabiqənin istiqaməti ətraf mühitin yaşıllaşdırılmasına, sağlamlığa mənfi təsirinin azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmi-praktik layihələrin müəyyənləşdirilməsidir.

Ölkənin bütün universitetlərini təmsil edən bakalavriat və magistratura tələbələrinin qatıldığı müsabiqəyə ümumilikdə müxtəlif istiqamətlərdə 50-yə yaxın layihə təqdim olunub. Daxil olan işlər komissiya tərəfindən işin aktuallığı və yeniliyi; tədqiqata yanaşmanın orijinallığı; aparılan tədqiqatın dərinliyi və innovativliyi; alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması; görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti; təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi kriteriyaları əsasında dəyərləndirilərək 10 elmi iş finala çıxarılıb. Son qiymətləndirilmədən sonra isə 5 layihə qaliblər sırasında yer alıb. Tələbəmiz Emil Şükürov “Qarabağın dirçəlişi – eko-layihələr” tələbə elmi müsabiqəsində ən innovativ lahiyə ilə iştirak etdiyinə görə təltif olunub.

Tələbəmizi təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!

Qeyd edək ki, layihə gənclərin yeni ekoloji, innovativ ideyaları, “smart city – smart village” konsepsiyasının reallığa çevrilməsi üçün təkliflərinin toplanması, gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması istiqamətində həyata keçirilib.