MDU-da “GreenAgroHack”  hakaton yarışması ilə bağlı infosessiya keçirilib

  • Post category:News

2024-cü il aprelin 24-də Mingəçevir Dövlət Universitetində (MDU) “GreenAgroHack” hakaton yarışması ilə bağlı məlumatlandırıcı görüş keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi (AİM), “Bilişim Vadisi Bakı” Mərkəzi, Azərbaycan Texniki Universitetinin təşkilatçılığı keçirilən hakatonun məlumatlandırıcı görüşündə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantları iştirak edib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov ölkədə həyata keçirilən bu kimi layihələrin tələbələrin hərtərəfi inkişafına təsir etdiyini bildirib və innovativ yanaşmaları ilə fərqlənən gənclərin istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından bu müsabiqələrin önəmli olduğunu qeyd edib. O, Aqrar İnnovasiya Mərkəzinin tələbələrin, gənclərin yeni imkanlar əldə etməsi üçün təqdim etdiyi səmərəli fəaliyyətlərini müsbət qiymətləndirib. Rektor qeyd edib ki, mərkəz bu layihələrilə bilik və bacarıqların aşkarlanması, kollektivlə işləmə, təcrübə qazanma imkanları ilə yanaşı tələbələrin ideyalarının gerçəkləşməsi baxımından onlar üçün əlverişli şərait yaradır. Ş.Bayramov gənclər üçün yaradılan  imkanlardan istifadə etməyi tövsiyə edərək, gəncləri hakatonda aktiv iştiraka səsləyib.

İnfosessiyanın mentoru Fira Cəlilova 2024-cü ilin 15-17 may tarixlərində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” (Caspian Agro) çərçivəsində təşkil ediləcək hakatonla bağlı ətraflı məlumat verib. Bildirib ki, hakatonunun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etməkdir. Müsabiqədə verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması 29 saat 29 dəqiqə 29 saniyə müddəti üçün nəzərdə tutulub. F.Cəlilova tapşırığın yerinə yetirilməsi üçün qoyulan zamanın belə hesablanmasının ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a 2024-cü ildə evsahibliyi etməsinə diqqət çəkmək olduğunu bildirib.

Görüşdə iştirak edən AİM-in direktoru Anar Cəfərov,  KTN Beynəlxalq Əlaqələr şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, “Bilişim Vadisi Bakı” Mərkəzinin direktoru Qamət Kərimov çıxış edərək gənclərin aqrar sahədə həyata keçirilən layihələrə və startap proqramlarına marağının artırılması məqsədilə keçirilən hakaton müsabiqəsi barədə geniş məlumat veriblər. Qeyd ediblər ki, tələbələrə öz karyera inkişafları və innovativ ideyalarının reallaşması üçün hakatonun əhəmiyyəti olduqca böyükdür. Ona görə də tələbələri “GreenAgroHack”da aktiv iştiraka səsləyiblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində)  komandalar və ya fərdi şəkildə müraciət etmək olar. Fərdi müraciət edən şəxslər müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qruplaşdırılacaqdır.