You are currently viewing Azərbaycan artıq beynəlxalq münasibətlərin fəal “yaşıl” aktoruna çevrilib (“AZƏRTAC”)

Azərbaycan artıq beynəlxalq münasibətlərin fəal “yaşıl” aktoruna çevrilib (“AZƏRTAC”)

  • Post category:News

Bakı, 23 yanvar, AZƏRTAC

Sevindirici haldır ki, hazırda Azərbaycan dünyanın dayanıqlı gələcəyinə davamlı töhfə verən ölkələr sırasında təşəbbüskar, yenilikçi mövqeyi, nəticəyönümlü fəaliyyətləri ilə nüfuzlu və etibarlı tərəfdaş olaraq qəbul edilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin başlıca istiqamətlərdən biri olaraq müəyyən edilməsi ölkəmizdə bu istiqamətdə siyasi iradənin, məqsədyönlü və proqramlı yanaşmanın mövcudluğundan xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov söyləyib.

Rektor qeyd edib ki, Azərbaycanda iqtisadi artım və ekoloji mühit amilləri arasında tarazlığın diqqət mərkəzində saxlanılması, bütün sahələrdə “yaşıl” və “ağıllı” innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi ölkəmizin dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşıya qoyduğu hədəflərə doğru qətiyyətli və etibarlı şəkildə irəliləməsi üçün əlverişli imkanlar yaradır. Uzun illər işğala, ekosid və urbisidə məruz qalmış doğma yurdlarımızın azad edildikdən sonra yaşıl enerji zonası elan edilməsi, “yaşıl” və “ağıllı” konsepsiyalar əsasında sürətlə dirçəldilməsi ölkəmizdə bu sahədə nümunəvi idarəetmə modelinin formalaşmasının təzahürlərindəndir.

Ş.Bayramov diqqətə çatdırıb ki, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və bu çərçivədə həyata keçiriləcək tədbirlər planını dövlətimizin qlobal təşəbbüslərə və çağırışlara əhəmiyyətli töhfəsinin bariz nümunəsi hesab etmək olar. Təsadüfi deyil ki, ölkəmizin dayanıqlı inkişaf sahəsində xidmətləri və töhfələri beynəlxalq ictimaiyyət tərəfindən daim böyük hörmətlə qarşılanır və təqdir olunur. Dünyanın mötəbər tədbirlərindən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsi də məhz bu etimadın göstəricilərindən biridir. Bu qlobal səviyyəli tədbirin ölkəmizdə keçirilməsinə nail olmaq, haqlı olaraq, xarici siyasətimizdə uğurlu və əlamətdar hadisə kimi qiymətləndirilir. Bütün bunlar bir daha təsdiq edir ki, dünyanın “yaşıl” dəyərlər və məqsədlər naminə həmrəyliyinə daim sadiq olan və töhfə verən Azərbaycan artıq beynəlxalq münasibətlərin fəal “yaşıl” aktoruna çevrilib.

“Ali təhsil müəssisəsi olaraq qlobal və milli çağırışları diqqətdə saxlayan Mingəçevir Dövlət Universiteti də tədris, tədqiqat və sosial xidmət fəaliyyətlərində dayanıqlı inkişaf komponentlərinə xüsusi önəm verir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublikamızda həyata keçiriləcək tədbirlərə töhfə məqsədilə universitetimizdə müvafiq fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulub. Şəhər və ətraf rayonları da əhatə edəcək sözügedən fəaliyyətlər dayanıqlı inkişafla bağlı maariflənmənin və təbliğatın gücləndirilməsi ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məqsədlərinə xidmət edən tədbirləri də özündə ehtiva edəcək. Həmrəylik çağırışına cavab olaraq, MDU-nun akademik potensialı dayanıqlı inkişaf mövzusunda müxtəlif konfranslar, seminarlar, təlimlər, görüşlər, eləcə də layihə və aksiyalar üçün səfərbər olacaq”, – deyə o vurğulayıb.