MDU-da “Gələcək naminə yaşıl kimya” mövzusunda tədbir keçirilib

  • Post category:News

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrası və  Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcək naminə yaşıl kimya” mövzusunda tədbir keçirilib.

Tədbirdə MDU-nun Fizika və ekologiya kafedrasının bir qrup əməkdaşı, tələbə və magistrantlar, Mingəçevir şəhər Yaşar Muradov adına 18 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak edib.

Qonaqları salamlayaraq tədbiri giriş sözü ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova cəmiyyətin inkişafında texnoloji trendlərin izlənilməsi, yaşıl enerji və ətraf mühit problemləri ilə mübarizə, bərpa olunan enerji texnologiyalarından istifadə barədə söhbət açıb, keçirilən tədbirin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə tövfə verəcəyinə əminliyini bildirib.

Sonra, MDU-nun Mühəndislik fakültəsinin tələbələrinin məruzələri dinlənilib. Aidə Qəhrəmanova “Tarixin ən böyük kimyəvi qəzası- Bhopal fəlakəti”,  Aysu Cəfərova “Yaşıl gələcək üçün yaşıl kimya” və Bəyaz Əhmədova “Silahlı münaqişələrin ətraf mühitə təsiri” mövzularında məruzələrlə çıxışlar ediblər.

Daha sonra tələbələr kimyəvi təcrübələr aparıblar.

Tədbir bədii hissə ilə davam edib. 18 saylı tam orta məktəbin şagirdləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şeirlər səsləndiriblər. 

Təqdim olunan məruzələr, təcrübə və bədii hissə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda sual-cavabdan ibarət viktorina keçirilib. Düzgün cavab tapanlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif tədbirlər keçirilir.