MDU-da Tələbə Elmi Cəmiyyətinin XVII elmi konfransı keçirilib

  • Post category:News

2024-cü ili martın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində  “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Elm Günü”nə həsr edilmiş XVII elmi konfransı keçirilib. Konfransda Təhsil fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Təhsil fakültəsinin dekanı Nizami  Zeynalov konfransı giriş sözü ilə açaraq, bildirib ki,  bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. N.Zeynalov COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, ümumilikdə bütün dünya üçün qlobal çağırışdır.

Sonra konfransda tələbələrin məruzələri dinlənilib. MDU-nun Təhsil fakültəsinin tələbələrindən Aişə Tahirova “Yaşıl universitet”ə gedən yol COP29-dan başlayır”, Şəmsiyyə Mustafayeva “Təbiətin möcüzəsi”, Qumral Məmmədova “Cizgi filmlərinin uşaqların təlim-tərbiyəsi prosesində rolu”, Gülnaz Qurbanova “Yaşıl və ya bərpa olunan enerji üzrə maarifləndirmənin təşkilində təhsilin rolu”, Günel Həsənova “Nəcəf bəy Vəzirovun “Palıd” adlı elmi əsəri ilk ekoloji tədqiqat nümunəsi kimi”, Nahid Mahmudlu “Analitik həndəsə metodlarının bəzi iqtisadi məsələlərin optimal həllinin tapılmasına tətbiqi”, Röya Balaşova “İnklüziv təhsildə pedaqoji xidmətin təşkili” mövzularında məruzələrini təqdim ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

Konfransın yekununda çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və TEC-in sədri Günəş Şəfaqətov tələbələrin məruzələrini müsbət dəyərləndirib və müvafiq tövsiyələrini bildiriblər.

Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.