2024-cü il martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəlik ili” çərçivəsində magistrantların “Elm Günü”nə həsr olunmuş VI elmi-nəzəri konfransı keçirilib. Universitetin akt zalında keçirilən konfransda MDU-nun adademik-inzibati heyət üzvləri, professor-müəllimləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov Elm Günü münasibətilə universitet kollektivini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkədə elmə, onun inkişafına göstərilən diqqət və qayğıdan danışan rektor bir ali təhsil ocağı olaraq MDU-da həyata keçirilən fəaliyyət istiqamətlərində nəticəyönümlü elmi tədqiqatların önəmli yer tutduğunu bildirib. O, elmi araşdırmaların genişləndirilməsi, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və nüfuzlu elmi nəşrlərdə dərc olunan məqalələrin sayının artırılmasının müasirləşən MDU-nun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bu konfransın “Yaşıl dünya naminə həmrəlik ili” çərçivəsində keçirilməsinə də diqqət yetirən Ş.Bayramov bu istiqamətdə aparılan tədqiqatların elmə, ölkəmizə fayda verəcəyinə ümid bəslədiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın proqramına uyğun olaraq plenar iclasda magistrantların məruzələri dinlənilib.
MDU magistrantlarından Fəridə Rəhimli “Uğurlu ideya-siyasi tərbiyədən zəfərə gedən yol”, Cavid Xancanlı “Müasir dövrdə müəssisələrin maliyyə dayanıqlığının inkişafında “Yaşıl iqtisadiyyat” amilləri”, Gülüstan Qasımova “Enerji sistemlərinin optimallaşdırılmasında süni intellektin rolu”, Çinarə Mehralıyeva “Folklor və təbiətin ahəngdar kəsişməsi və onun orta məktəblərdə tədrisi”, Ləman Əliyeva “Qarabağ regionunun dirçəldilməsində xarici investisiyalardan istifadə imkanları”, Solmaz Vəzirova “Müasir təhsil prosesində fəal təlim metodlarından istifadənin rolu”, Əli Oruclu “Dünyada “yaşıl enerji”yə keçid: Azərbaycanda reallıqlar, perspektivlər” və Muhamməd Xəlilov “Ekoloji fondların “Yaşıl Dünya Naminə Həmrəlik ili”nə verə biləcəyi töhfələr” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra rektor Ş.Bayramov mövzularla bağlı fikirlərini bölüşüb, müəyyən təkliflərini çatdırıb.
Konfrans işini 7 bölmədə (Humanitar elmlər; Pedaqogika və dillər; Riyaziyyat və informatika; Energetika və nəqliyyat; İnformasiya texnologiyalari və ekologiya; İqtisadiyyat; Biznesin idarə edilməsi) davam etdirib. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəlik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.