MDU-nun Tələbə Elmi Cəmiyyətinin XVIl elmi-praktiki konfransı keçirilib

  • Post category:News

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdiyi XVII elmi-praktiki konfransı keçirilib. Universitetin akt zalında keçirilən konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.

Öncə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan MDU TEC-in sədri Günəş Şəfaqətov ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin, Azərbaycandan dünyaya edilən çağırışın mahiyyəti haqqında məlumat verib. Tələbələrin elmi fəaliyyətə olan marağını yüksək qiymətləndirən G.Şəfaqətov konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqindən sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun tələbələrindən Kənan Mustafayev “Azərbaycanda sosial-iqtisadi inkişafın səciyyəvi xüsusiyyətləri, Aişə Tahirova “Yaşıl universitet”ə gedən yol COP29-dan başlayır”, Şəhanə Şakirqızı “Rəqəmsallaşma yaşıl dünyanın təminatçısı kimi”, Namiq Qədimli və Aqil Mustafayev “GREEN” Economic potential of liberated territories (İşgaldan azad edilmiş ərazilərin “Yaşıl” iqtisadiyyat potensialı)”, Şəmsiyyə Mustafayeva “Təbiətin möcüzəsi”, Ruslan Əlizadə “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin rolu”,  Rəcəb Tanrıverdiyev “Sahibkarlıq fəaliyyətində tullantıların idarə edilməsi və təkrar emalı”,   Nahid Mahmudlu “Analtik həndəsə metodlarının bəzi iqtisadi məsələlərin optimal həllinin tapılmasına tətbiqi” və Arzu Həsənova “Dünya ölkələrinin günəş enerjisindən istifadə təcrübələri” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış edib. O, çıxışında universitetdə tələbələrin elmi fəaliyyətə, tədqiqatlar aparmağa olan marağının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını, TEC konfranslarının bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.