UNEC, GDU, ADAU, MDU və ATU arasında Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumu imzalanıb

  • Post category:News

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş “Yaşıl Dünya naminə Həmrəylik İli”nə töhvə vermək məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Texnologiya Universiteti (ATU) və Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanması məqsədilə online formatda görüş keçirilib.

      Görüşdə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov çıxış ediblər.

       Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin və Dövlət Turizm Agentliyinin rəsmiləri də iştirak ediblər.

        Birinci Vitse-Prezidentin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən görüşdə iştırakçılar Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfinin iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, o cümlədən “ədalətli yaşıl keçid” və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlüyünün reallaşdırılması üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl startapların yaradılması, “yaşıl” sektorların inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”in müəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər. Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk “Yaşıl şəhər” layihəsinin məhz Gəncədə reallaşdırıldığını və şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyini diqqətə çatdırıblar. Görüş iştirakçıları 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilməsinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

     Sonra ümumi tələbə sayı 40.000 nəfərə yaxın olan 5 tərəfdaş universitetin rektorları tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun təsis edilməsinə dair müvafiq Anlaşma Memorandumu imzalanıb.

      Anlaşma Memorandumuna əsasən Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 iyun Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixlərində Gəncə şəhərində təşkil olunacaq. Hər il bir iştirakçı universitet bu Forumda sədrlik və təşkilatçılıq funksiyasını həyata keçirəcək.    Digər universitetlər də bu Forumun üzvlüyünə qoşula bilərlər.      “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk Forum Gəncə Dövlət Universiteti tərəfindən təşkil ediləcək. Universitet tərəfindən “Yaşıl inkişaf xəbərləri” bületeninin də nəşri nəzərdə tutulur.