Məktəblilər MDU-nun laboratoriyaları ilə tanış olublar

  • Post category:Xəbərlər

Mingəçevir Dövlət Universiteti (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mingəçevir şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə  Mingəçevir şəhər N.Ahəngari adına 13 saylı tam orta məktəbin şagirdləri üçün “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində maarifləndirici görüş keçirilib.

Görüş MDU-nun  Geolab və Kimya laboratoriyalarında aparılıb.

Şagirdlərlə görüşü giriş sözü ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova universitet, onun maddi-texniki bazası haqqında məlumat verib, “Yaşıl dünya naminə həmrəylik ili”nin mahiyyəti haqqında söhbət açıb. Sonra Geolab və Kimya auditoriyaları ilə şagirdləri tanış edən kafedra müdiri laboratoriyaların MDU-da müvafiq istiqamətlər üzrə əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi istiqamətində oynadığı müstəsna xidmətləri barədə şagirdlərə məlumat verib. 

Sonra, şagirdlər MDU-nun müəllimləri Aytac Cavadova və Lalə Rəsulovanın müşayətində  laboratoriyalarda müxtəlif sınaq və təcrübələr aparıblar. Geolab laboratoriyasında müxtəlif su numunələri üzərində təcrübə prosesləri həyata keçerilib, distillə suyu, Kür çayı və hazırlanmış natrium nitrat məhlununun “Pasco Salanity Sensor” cihazı vasitəsilə temperatur, duzluluq və keçiriliciyinə aid dəyərlər yoxlanılıb. Kimya laboratoriyasında isə “ECOZone” cihazı vasitəsilə qurulmuş 3 mühitin qarşılıqlı əlaqəsilə oksigen, karbon qazı konsentrasiyaları və suda həll olmuş oksigenin parametrləri yoxlanılıb.

Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif formatlı tədbirlər keçirilir.