30 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağı altında idi. Ərazilərimizi işğaldan azad etdikdən sonra gördüyümüz mənzərə təəssüf ki, təsəvvür etdiyimizdən də dəhşətlidir. Erməni işğalçılarının tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri, təbii resursların talanması həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurmasına, nadir növlərin məhv olmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində – Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.
İşğaldan azad olunan ərazilərin ekoloji tarazlığını bərpa etmək məqsədilə “Qırmızı Kitabı”ın III nəşri planlaşdırılır. Bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarında biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il müddətdə mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində flora və fauna vandalcasına istismar olunub.
Dünyada çinarın cəmi 7 növü vardır. Respublikamızın dilbər guşəsi olan Zəngilan rayonunun ərazisində 107 ha-lıq sahədə mövcud olan Bəsitçay Dövlət Təbiət Qoruğu adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmış şərq çinarlarını qorumaq məqsədilə yaradılmışdı. Çox təəssüf ki, son 30 ildə erməni təcavüzkarları bu nadir təbiət incisini də məhv ediblər. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 m hündürlükdə Qaragöl Dövlət Təbiət Qoruğu yerləşir. Bu qoruq xüsusi maraq doğuran yüksək dağ göllərindən biri olub, Alp landşaft kompleksinə malikdir və mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklərin bitki örtüyü işğalçılar tərəfindən sistemsiz olaraq daim otarılmaqla korlanıb.
Laçın rayonunun ərazisində Laçın Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaq idi. Təəssüf olsun ki, işğal dövründə qeyd olunan canlıların vəziyyətindən məlumatsız idik.
Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa şəhərinin ətrafında yaradılmışdı. Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixlari abidələri olan sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyi idi. Arazboyu Dövlət Təbiət Yasaqlığı Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılıb. Təəssüf ki, işğalla əlaqəli onun da fəaliyyəti tamamilə dayandırılıb. İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan qoruq və yasaqlıqların bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkların yaradılması gündəmdə olan məsələdir.
Ekovəziyyəti yenidən bərpa etmək üçün bu ərazilərdə mühüm addımlar atılmaqdadır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirilməkdədir.
İşğala qədər Qarabağın düzənlik, dağətəyi və dağüstü ərazilərində 5 növ amfibi və 37 növ reptilinin yayıldığı göstərilir. Həmçinin, Qarabağ ərazisində reptililərdən 3 növ tısbağa, 19 növ kərtənkələ və 15 növ ilan yayılmışdır.
İşğala qədər Qarabağ ərazisində quru onurğalıları, o cümlədən quşların 218 növündən 50 növü beynəlxalq konvensiyaların, sazişlərin əlavələrinə daxil edilmişdir. Quru onurğalıları biomüxtəlifliyini qorumalı olan Dəlidağ, Gamışdağ, Bəsitçay və Laçın yasaqlığı kimi beynəlxalq əhəmiyyətli Mühüm Ornitoloji Ərazilər “BirdLife International” təşkilatının siyahısına daxildir. Qeyd edilməlidir ki, hər bir mühüm ərazi idarəetmə planına uyğun olaraq dövlətlər öz ərazisində monitorinq, tədqiqat və mühafizə tədbirləri həyata keçirməli və oradakı biomüxtəlifliyin vəziyyəti barədə beynəlxalq əhəmiyyətli standart sənədlər Beynəlxalq Məlumatlar Bazasına təqdim etməlidir. 30 il işğal altında qalmış ərazilər həm də Ümumdünya Təbiəti Mühafizə Fondunun mühafizəsi daha vacib olan ərazilər siyahısına daxil edilmişdir. Çünki Qarabağ ərazisi Avropadan-Afrikaya-Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir.
1942-ci ildə N.K.Vereşagin tərəfindən Azərbaycan teriofauna¬sında məməlilərin 99 növü qeydə alınır, onlardan yalnız 56 növün Qarabağda yayıldığı ehtimal olunur.
Məməli növlər dəstələr üzrə belə paylanır: həşəratyeyənlər dəstəsində 12 növ, yarasalar dəstəsində 20 növə yaxın, dovşankimilər dəstəsində 1 növ, gəmiricilər dəstəsində 23 növ, yırtıcılar dəstəsində 14 növ, cütdırnaqlılar dəstəsində 5 növ (buraya əlavə olaraq nəcib maral növü daxil edilir). Gəmirici dəstəsinə daxil olunan növləri sayı daha çoxdur.
Qeydə alınmış növlərin sayına görə, Azərbaycanda yayılmış məməli növlərindən 70 faizdən çoxuna Qarabağ ərazisində rast gəlinir. Zolaqlı Kaftar və bir sıra növlərin burada qalıb-qalmaması məlum deyil. Son illərdə aparılan sorğular nəticəsində Qarabağ ərazisinə yaxın meşələrdə Nəcib maral növünün buynuzlarına rast gəlinmişdir. Belə hesab etmək olar ki, burada nəcib maral növü miqrasiya etmişdir.
Quru onurğalıları iqtisadi cəhətdən də əhəmiyyətlidir. Göl qurbağası ərzaq məhsulu kimi ətinə görə tədarük edilir. Quru onurğalılarının bəzi növləri iqtisadi cəhətdən gəlirli hesab edilə bilər. Bunlara Qarabağın arid ərazilərində geniş yayılmış Levantin gürzəsini göstərmək olar. Levantin gürzəsinin tibbi xammal olan zəhəri iqtisadi cəhətdən faydalıdır, ilan zəhəri əldə etmək üçün tədarük edilə bilər. Sovetlər dönəmində Qarabağ ərazilərində hər il 350-400 baş gürzə ovlanaraq ilan zəhəri istehsalı üçün istifadə olunurdu.
Quru onurğalılarının ekosistemdə rolu böyükdür. Belə ki, qida zəncirində amfibilərin, reptililərin, quşların və məməlilərin bəzi növləri ekosistemlərdə biomüxtəlifliyin stabilliyinin saxlanılmasında əhəmiyyətlidir. Növlərin bəziləri produsent, bəziləri isə konsument halqalarını təşkil edir. 2-ci və 3-cü dərəcəli konsumentlər (yırtıcı quşlar və məməlilər) yem rasionuna daxil olduqları üçün fərdlərin sayının tənzimlənməsində iştirak edirlər.
İşğaldan azad olunmuş ərazilərdə ermənilər heyvanlar aləmi üçün böyük problemlər yaratmışdır. Hər bir növün fərdlərinin sayının azalması ehtimal olunur. Qarabağ ərazisində heyvanlar aləmində yaranmış problemlərin həlli üçün tədqiqatlar aparılmalıdır. Bunun üçün aşağıda göstərilən məsələlərə diqqət yetirilməlidir:
Qarabağ ərazisində quru onurğalılarının növ tərkibi müəyyən olunmalıdır. Buna görə yeni metodların (sitogenetik, molekulyar-genetik) tətbiqi vacibdir. Bu metodlar populyasiya daxilində genetik proseslərin öyrənilməsinə, populyasiyalararası fərqlərin müəyyən edilməsinə və yeni növlərin aşkar olunmasına töhfə verə bilər. Bu da öz növbəsində Qarabağda quru onurğalılarının növ sayının dəqiqləşdirilməsinə, hər bir növün populyasiyalarının ekoloji problemlərinin (quruluş, yaş xüsusiyyətləri, cinsi tərkibi, yaşaması üçün əlverişli ərazi və mikrotəkamül) öyrənilməsinə kömək edə bilər. Hər bir landşaftda “Qırmızı Kitab”a daxil ediləcək növlər, Qafqaz endemikləri, Azərbaycan endemikləri müəyyən olunmalı və qorunma tədbirləri işlənib hazırlanmalıdır.
Erməni işğalının vurduğu ziyan tək Qarabağa deyil, həm də beynəlxalq əhəmiyyətə malik canlı aləmə qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilməlidir. Buna görə də erməni təcavüzünün canlı təbiətə vurduğu ziyanın miqyasının, istiqamətlərinin qiymətləndirilməsi üçün bu proseslərə həm də müvafiq beynəlxalq təşkilatların müdaxiləsi lazımdır.
Fəridə Həsənli,
MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi