Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı hazırlanıb. 2024-cü ilin 30 dekabr tarixində MDU-nun akademik-inzibati heyətinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.
Rektor Şahin Bayramov bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. O, qeyd edib ki, universitet olaraq ölkə prezidentinin imzaladığı bu qərarına dəstək olmaq hər birimizin vəzifə borcudur. MDU-nun alimlərinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə böyük potensiala malik elm və təhsil müəssisəsi kimi MDU bu proseslərdən kənar qalmayacaq və cəmiyyətə öz dəstəyini göstərək ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir.
MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professor Evren Güçer “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar MDU kollektivinin qarşıdakı dönəmdə görəcəyi işlərlə bağlı geniş təqdimatla çıxış edib. Onun ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək vermək məqsədi daşıyan fikirləri müzakirə edildikdən sonra səs birliyi ilə qəbul olunub. Sonda E.Güçerin təqdimatını müsbət qiymətləndirən rektor Ş.Bayramov müəyyən təkliflərini irəli sürüb. O, bu istiqamətində fəaliyyətləri genişləndirməyi, ekoloji məsuliyyəti daha da artırmağı hədəfləməyi məsləhət görərək, bütün kollektivi həmrəy olmağa səsləyib.