Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edəcək Mingəçevir məktəbliləri ilə görüş keçirilib. Müsabiqənin ilkin mərhələsindən keçən Mingəçevirin 9 komandasının üzvləri və onların mentor müəllimləri universitetin bir qrup akademik-inzibati heyət üzvləri ilə MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun birgə təşəbbüsü əsasında baş tutan görüşdə bir araya gəlib.
Universitetin Kibertəhlükəsizlik və “GEOLAB” laboratoriyalarında keçirilən görüşdə MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev “Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə keçmələri münasibətilə şagirdləri təbrik edib, universitet rəhbərliyi adından uğurlar diləyib. O, bu görüşün məqsədinin məktəblilərdə ruh yüksəkliyi yaratmaq və şəhər təhsil ictimaiyyətinin istedadlı gənclərə davamlı dəstəyini hiss etdirmək olduğunu qeyd edib. V.Mustafayev təhsil sistemində Mingəçevir məktəblilərinin özünəməxsus yerinin olduğunu bildirib, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından bu tipli müsabiqələrin önəmindən söhbət açıb və MDU-nun məktəblilərin inkişafı istiqamətində daim dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, IX-XI siniflərdə təhsil alan şagirdlərin tədqiqat və araşdırmalara cəbl edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində yeniyetmələr üçün yaradılan şəraitdən faydalanmaq, yaradıcılıq fəaliyyətlərinə aktivlik nümayiş etdirmək onların gələcək fəaliyyətlərində müsbət nəticələrlə özünü göstərəcək.
Açılış nitqindən sonra “GEOLAB” laboratoriyasında sınaq məqsədli təcrübə keçirilib və nəticələr barədə iştirakçılar məlumatlandırılıb.
Məktəblilər müsabiqə üçün hazırladıqları layihələri təqdim ediblər və sonda fikir mübadiləsi aparılıb.
Şagirdlər və onların mentorları göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasına hədəflənib və sonda yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.